Ankarada "Buta Bakı"

Milli mətbəx, incəsənət və mədəniyyət bir arada

1284665
Ankarada "Buta Bakı"
Buta_02.jpg
Buta_03.jpg
Buta_04.jpg
Buta_05.jpg
Buta_06.jpg
Buta_07.jpg

Milli mətbəx, incəsənət və mədəniyyət bir arada

  Azərbaycanın rəssam və memarı Nurlan Yusifov Türkiyədə Azərbaycanı tanıdan bir sıra əsərlərin müəllifidir. Türkiyənin paytaxtı Ankaranın Keçiörən rayonunda salınan Xocalı parkındakı abidə, Qızılcahamam rayonunda Xocalı park-muzeyi sənətkarın əməyinin məhsuludur. Ankaranın ən gözəl məkanlarından olan Heydər Əliyev parkının yenilənməsi də Nurlan Yusifovun memarlıq üslubu əsasında ərsəyə gəlib.

  2011-ci ildə parkın yenilənməsi ilə bağlı qərar qəbul edildikdə N.Yusifovun rəhbərliyi altında hazırlanan layihə Azərbaycan və Türkiyə rəsmiləri tərəfindən qəbul edilib. Rəssam-memar mövzu ilə bağlı deyir:

  “Həmin layihə üzrə 2012-ci ildə 10 hektarlıq ərazi Türkiyə dövləti tərəfindən park salınmaq üçün Azərbaycana verildi. İşlər iki il davam etdi. 2005-ci ildə parkda böyük öndər Heydər Əliyevin heykəltəraş Natiq Əliyev tərəfindən hazırlanan heykəli qoyuldu. Bizə isə parkı yeniləmək həvalə olundu.

  Bu parkın konsepsiyası Türkiyədəki parklardan fərqlidir. Biz çalışdıq ki, o, Bakı parklarına bənzəsin. Bu məqsədlə şam ağacları da daxil olmaqla Bakıdan müxtəlif ağaclar gətirilib əkildi”.

  Hal-hazırda parkda fəaliyyət göstərən amfiteatr və kafe də N.Yusifovun təklif etdiyi layihə üzrə inşa olunub. Memar bu barədə belə deyir:

  “Hər parkda bir kafe olmalıdır. Məsələn, bir ailə parka gəlir, yorulur, su, çay istəyir. Bu parkın ətrafında satış yerləri yoxdur. Ona görə də parkın içərisində kafeyə ehtiyac var idi.”

Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyi

  2018-ci ildə Nurlan Yusifov Ankarada Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyini qurdu. Kafeyə isə Azərbaycanın milli naxış elementi olan bütanın adı verildi: “Buta Bakı”. Hazırda bir sıra dövlət tədbirləri bu dərnək çərçivəsində həyata keçirilir.

  Beləliklə, Türkiyədə Azərbaycan parkı deyə tanınan bu məkanda həm milli mətbəx nümunələri təqdim olunur, həm də ölkənin mədəniyyəti təbliğ edilir. Görülən bu işlər bir-birini tamamlayır.

  Nurlan Yusifov deyir:

  “Buta Bakı” kafesi sanki mədəniyyət evidir. Bura gələnlər Bakı haqqında məlumat alır, Azərbaycan mahnılarını dinləyir, film seyr edir və s. Qonaqlara təqdim etdiyimiz menyu da Azərbaycanın mətbəx nümunələridir. Çay, kəllə qənd, noğul, mürəbbə və digər ləvazimatlar birbaşa Azərbaycandan gəlir. Mətbəximizin zənginliyi gələnlərin çox xoşuna gəlir”.

  Qeyd edək ki, qısa müddətdir fəaliyyətə başlamasına baxmayaraq, bu məkan Ankarada tanınır. Nəinki sadə vətəndaşlar, dövlət adamları da yemək və görüşləri üçün buraya gəlir. Belə ki, Ankara Böyükşəhər Bələdiyyəsinin müxtəlif ölkələrdən Türkiyəyə təşrif gətirən qonaqlarını da burada görmək mümkündür. Ən çox sevdikləri yemək isə “Şah plov”dur.

  Türkiyə Cümhuriyyəti Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü İsmayıl Safi də “Buta Bakı”ya gələn qonaqlar sırasındadır. O deyir: “Bu məkan açılandan artıq neçənci dəfədir ki, bura gəlirəm. Çox gözəl qarşılayırlar. Azərbaycanın gözəl yeməklərini dadıram. Dovğa, qutab, kabab və plovu çox bəyənirəm. Qardaş Azərbaycan süfrəsi əsl türk süfrəsidir. Azərbaycan musiqiləri altında onları yemək insana başqa zövq verir”.

 Gələcək planlar: musiqi festivalları

  “Buta Bakı”da müxtəlif mədəniyyət tədbirləri keçirilir. Ayda bir dəfə tanıtma axşamları keçirilir. Qışdan bəri isə muğam axşamları təşkil edilir. “Buta Bakı”nın muğam triosu var. Bu il milli bayram Novruz möhtəşəm şəkildə qeyd edildi. Tədbirlərin hər biri anşlaqla keçir.

  Gələcək planlardan bəhs edən azərbaycanlı memar onu da deyir ki, “Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyinin xətti ilə musiqi festivallarının təşkilini düşünürük. İşbirliyi olarsa, daha böyük layihələrə imza ata bilərik. Azərbaycanın Türkiyədəki səfirliyi ilə birlikdə tədbirlər keçirmişik. Bu istiqamətdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə də əməkdaşlıq qurmaq fikrindəyik. Azərbaycanın musiqi qruplarını yay festivallarımıza dəvət etməyi düşünürük. İstəyirik ki, bu tədbirlərimiz insanların yaddaşında iz buraxsın və Azərbaycan mədəniyyətini “Buta Bakı”dan Türkiyəyə yayaq”.



Әlaqәli Xәbәrlәr