Cihan Özdəmir: Türk qurultayı alimlərin tanışlığı və elmi müzakirələr üçün nadir platformadır

Bakıda XIV Beynəlxalq Böyük Türk Qurultayı və 87-ci Türk Dili Bayramı keçirildi.

1277710
Cihan Özdəmir: Türk qurultayı alimlərin tanışlığı və elmi müzakirələr üçün nadir platformadır

Bakıda keçirilən XIV Beynəlxalq Böyük Türk Qurultayı və 87-ci Türk Dili Bayramı türk dilinin zənginliyini və onun dünya dilləri arasında özünəməxsus yerlərdən birinə sahib olmasını şərtləndirir. Bura eyni zamanda türkoloq alimlərin tanışlığı, qarışlıqlı əməkdaşlıq və elmi müzakirələr aparmaq üçün açıq, nadir platformadır. Qurultayımız türk dilinin yaşadılması, saflaşdırılması istiqamətdə işlərə dəyərli töhfə verir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdəmir səsləndirib.

Türkiyədə ilk Türk Dili Qurultayının 1932-ci ildə Mustafa Kamal Atatürkün dövründə keçirildiyini xatırladan Cihan Özdəmir deyib: “Bu il həmin qurultayın 87-ci ildönümü qeyd edirik. Qurultay ilk dəfə 1926-cı ildə Bakıda keçirildiyi üçün builki qurultayı da məhz burada reallaşdırmağa qərar verdik. Dünyada bir sıra türkoloji mərkəzlər fəaliyyət göstərir. Onlardan biri də Bakıdadır”.

Qurultayın Türkiyə-Azərbaycan Dostluq İşbirliyi Dayanışma Vəqfi tərəfindən təşkil etdiyini deyən Yunus Əmrə İnstitutunun rəhbəri builki tədbirdə 100-dək türkoloqun iştirak etdiyini bildirib. O vurğulayıb ki, iştirakçılar arasında türk dilinin qrammatikası üzərində çalışanlar və türk ədəbiyyatının tədqiqatçıları var. Tədbirin əhəmiyyəti, həm də ondadır ki, burada türk dili ilə bağlı yeni tədqiqatlar və elmi yanaşma tələb edən məsələlər müzakirə edilir, elm adamları öz fikirlərini ortaya qoyur.

Azərbaycanla Türkiyə arasında qardaşlıq bağlarının daim möhkəmləndiyini söyləyən Cihan Özdəmir bütün sahələrdəki sıx əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib.



Әlaqәli Xәbәrlәr