Ehey, düşmən

Azərbaycanlı şair Zaur İlhamoğlu (Cəfərov) TRT/Azerbaycan saytına qəhrəmanlıq mövzusunda son aylar yazdığı şeirlərindən birini ərməğan etdi və biz də “Ehey,düşmən” adlı bu şeiri siz oxucularımızla bölüşürük

1587772
Ehey, düşmən

 

Eheey, düşmən,

Qarı düşmən!

İstəyirsən dörd yanını sarı, düşmən.

İstəyirsən aramızda gözgörməyən bir sədd yarat,

İstəyirsən keçilməyən sərhəd yarat.

Keçəcəyəm, gələcəyəm,

Al qanını topraq üstə tökəcəyəm,

Qələbəmə qəh-qəh çəkib güləcəyəm.

Qanad açıb uçsan göyə,

Qanadından vuracağam.

İnadından dönməz olsan,

İnadından vuracağam.

Arzuları çıxardaraq ürəyindən od vuracam,

kül olacaq.

Qəzəb dolu baxışlarım

gözlərinə mil olacaq.

Oyacağam oyum-oyum.

Məni yaxşı tanımırsan.

Mən bir Türkəm,

Türk oğluyam, türkdür soyum.

Min illərin arxasından əslim bəlli,

Köküm bəlli, nəslim bəlli.

Bu bəşərin beşiyində ilk olaraq yatan mənəm,

Mənə göylər layla çalmış,

Bu dünyanın hər yerində izim qalmış,

Orduları pərən salan, alay pozan millət mənəm,

Tarix yazan millət mənəm,

Şərqdən Qərbə hökm eyləyən hökmranam,

Bilgə Xaqan, Alp Arslanam,

Atillayam, Çingiz xanam,

Teymurləngəm, İsmayılam,

Sultan Mehmet, Süleymanam.

Nökər olmaq, əsir olmaq...

O hisslərə tamam yadam,

Mən Babəkəm, mən Kürşadam.

Torpağıma əl uzansa,

Biləyindən kəsən türkəm.

Düşmənlərin başı üstə,

Qasırğatək əsən türkəm.

Bəs sən kimsən?!

Tarix boyu onun-bunun kölgəsində daldalanan bir zavallı,

Başqasının hesabına lovğalanan bir zavallı.

Yaşadığın o torpaqlar sənin deyil,

Mənim yurdum, vətənimdir.

Öz elimdir, məskənimdir.

Buz bulaqları mənimdir,

Axar çayları mənimdir,

Uca dağları mənimdir.

Bəsdir daha at oynatdın,

Qılınc çəkdin.

Baş apardın, zəhlə tökdün.

Yetər daha, qarı düşmən,

Gəlirəm mən.

Mən gəlincə ağlın varsa,

O yerlərdə çalış durma,

Zəfər çalmaq sənlik deyil.

Xəyallarla ürəyini ovundurma.

Nə qədər ki, anan ağlar qalmayıbdır,

Cəhənnəm ol!

Nə qədər ki, boş başına bu dünya dar olmayıbdır,

Cəhənnəm ol!

Qaçmaq sənə eyib deyil,

Əkil, çıx get!

Nə qədər ki, ölməmisən,

Çəkil, çıx get!

 

Eheey, düşmən.

Gəlirəm mən!

  

   Qeyd edək ki, müxtəlif mövzuları qələmə alan gənc şair Zaur İlhamoğlunun şeirləri Azərbaycanın müxtəlif qəzet, jurnal və almanaxlarında, eləcə də Türkiyənin “Kumru”, “Dərgihan”, Təbrizin “Ədəbi körpü” şeir-sənət dərgilərində və “Sancaq” qəzetində dərc olunub. 2019-cu ilə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən vətənpərvərlik mövzusunda yazdığı şeirlərinə görə “İlin vətənpərvər şairi” media mükafatına layiq görülüb. “Bu həyat dediyin...” şeirlər kitabının müəllifidir.



Әlaqәli Xәbәrlәr