XX əsr Azərbaycan ədəbiyyatının möcüzəsi Ankarada xatırlandı

Cəfər Cabbarlının yubileyi Türkiyənin paytaxtında qeyd olundu.

1144118
XX əsr Azərbaycan ədəbiyyatının möcüzəsi Ankarada xatırlandı

Böyük ədib Cəfər Cabbarlının 120 yaşı Ankarada qeyd edildi

  Fevralın 12-də Türkiyənin paytaxtı Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un mərkəzi qərargahında qurumun “Türk dünyasının görkəmli şəxslərinin tanıdılması” layihəsi çərçivəsində dahi Azərbaycan dramaturqu və şairi Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə konfrans keçirilidi.

  Toplantıda TÜRKSOY-un baş katibi Düsen Kasseinov, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru İsrafil İsrafilov, Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ramin Qurbanov, türk dünyasının mədəniyyət, mətbuat nümayəndələri və Türkiyədə təhsil alan azərbaycanlı tələbələr iştirak edirdi.

  Tədbiri açılış nitqi ilə açan D.Kasseinov qonaqları salamlayaraq söylədi:

  “Artıq 12-cisini təşkil etdiyimiz “Türk dünyasının görkəmli şəxslərinin tanıdılması” konfransı bu dəfə XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq nümayəndələrindən biri Cəfər Cabbarlıya həsr olunub. Onun zəngin və tayı-bərabəri olmayan ədəbi mirası öz böyük əhəmiyyətilə yaddaşlarda dərin izlər buraxıb. Maraqlı və məzmunlu dram əsərləri bu gün də Azərbaycan teatrlarında səhnəyə qoyulmaqdadır.

   Ədib həm də gözəl lirik şair olub. Bu tədbirimizdə siz dramaturq, şair, tərcüməçi Cəfər Cabbarlını daha yaxından tanıyacaqsınız”.

  Sonra C.Cabbarlının həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirildi.

  Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru İsrafil İsrafilov öz çıxışında bildirdi:

  “Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatı və mədəniyyətinin möcüzəsidir. O, ədəbiyyatın bütün növlərində yazıb, yaradıb. O, çox çətin həyat yolu keçib, amma buna baxmayaraq, yazmağı heç vaxt kənara qoymayıb. Bir ailənin 14-cü uşağı olub. Atası erkən vəfat etdiyinə görə, ailə sıxıntı yaşayıb.

  C.Cabbarlı yaradıcılığa şeirlə başlayıb. Sonra dram əsərləri yazıb və tanınmağa başlayıb. Lirikası olduqca güçlü olan bu yazıcı XX əsr Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafına müstəsna töhfələr verib.   

  Siyasi mücadilələr dövrü yetirməsi olan Cabbarlı həm də məslək dostları ilə birlikdə “İstiqlal” adlı qəzet də nəşr etdirib. “Sevil”, “Almaz”, “Aydın” kimi pyeslərilə Azərbaycan Sovet dramaturgiyasının banisi sayılsa da, Cəfər Cabbarlı çətin şərtlər altında milli kadrların da yetişməsində mühüm xidmətlər göstərib.

  Hələ 18 yaşında ikən və sovetlərin rəhbərliyi zamanı belə Türkiyə ilə bağlı "Trablis müharibəsi" (və ya "Ulduz") və "Ədirnə fəthi" kimi mükəmməl pyeslər yazıb, amma bu günə qədər bu əsərlərin heç biri Türkiyə səhnəsində oynanılmayıb”.

  Çıxışlardan sonra tədbirin bədii hissəsi başlandı. Pianonun müşayətilə Hacı Bayram Vəli və Ankara Universitetinin tələbələri tərəfindən C.Cabbarlının şeirlərini oxundu, Xəzər Azərbaycan Xalq Rəqsləri Dərnəyinin solistilərinin ifasında isə milli rəqslər ifa olundu.

  Bundan sonra Alkova Dövlət Opera Teatrının solisti Güner Birka C.Cabbarlının şeirlərinə bəstələnən “Ölkəm”, “Azad quşdum” və digər mahnıları oxudu. Vokal müğənnisini pianoda Yadigar Hacıyeva müşaiyət etdi.

  Tədbirin sonunda iştirakçılara plaketlər verildi.



Әlaqәli Xәbәrlәr