Olimpiya Oyunları üçün yeni tarix

Hazırda ən müvafiq tarixin müəyyənləşdirilməsi ətrafında qızğın müzakirələrin getdiyi bir məqamda “New York Times“ artıq 2021-ci ilin yay ayı üçün tarixlərin dəqiqləşdirilməsi barədə xəbər yayıb.

1388349
Olimpiya Oyunları üçün yeni tarix

 

  Korona virusu - “Covid-19” pandemiyasının bütün dünyada gündəlik həyat və gələcək planları alt-üst etdiyi bir zamanda mühüm idman tədbirlərinin vaxtının dəyişdirilməsinə ehtiyacı yarandı. Bu səbəbdən “Avro-2020“ futbol çempionatı, “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunları bu il nəzərdə tutulan vaxtlarda baş tutmayacaq.

  Azertac informasiya agentliyinin məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) 33 beynəlxalq idman federasiyası və ev sahibi Yaponiya ilə birlikdə aprel ayının üçüncü həftəsinə qədər Olimpiya Oyunları üçün yeni tarixi təqdim etməlidir. Hazırda ən müvafiq tarixin müəyyənləşdirilməsi ətrafında qızğın müzakirələrin getdiyi bir məqamda “New York Times“ artıq 2021-ci ilin yay ayı üçün tarixlərin dəqiqləşdirilməsi barədə xəbər yayıb. Qəzetin əldə etdiyi məlumata əsasən, Olimpiya Oyunlarının açılışı gələn il iyulun 23-də, bağlanış mərasimi isə avqustun 8-də baş tutmalıdır. Paralimpiya Oyunlarının keçiriləcəyi vaxt isə avqustun 24-dən sentyabrın 5-dək nəzərdə tutulur.

  Bu məlumat hələlik rəsmi dairələr tərəfindən təsdiqlənməsə də, vaxtın müəyyənləşməsində əsas faktor kimi beynəlxalq idman tədbirlərinin mümkün qədər az keçirildiyi dövrün seçilməsi götürülür. Komanda oyunlarında milli çempionatların artıq başa çatmış olması milli komandaların diqqəti Olimpiya Oyunlarına cəmləməyə imkan verir.

  Digər tərəfdən isə mühüm idman tədbirlərinin keçirilmədiyi dövrün seçilməsi televiziya yayım hüquqları üçün də mühümdür. 2014-2032-ci illər ərzində Olimpiya Oyunlarının yayım hüququna sahib olan ABŞ-ın “NBC” telekanalı üçün də yuxarıda qeyd edilən dövr sərf edir, çünki beysbol çempionatı xaric olmaqla həmin dövrdə ABŞ-da bütün əsas idman növlərində yay fasiləsi olacaq və bu da yayım müddətində reklam satışına əlverişli mühit yaradacaq.

  Yeni tarixin müəyyənləşməsində “Tokio-2020” yeni start işçi qrupu da mühüm rol oynayacaq. Yaponiya Olimpiya Komitəsinin prezidenti, “Tokio-2020” təşkilat komitəsinin sədri Yoşiro Morinin rəhbərlik etdiyi qrupa 30 nümayəndə daxildir.



Әlaqәli Xәbәrlәr